📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Ekologiya mühəndisliyi üzvləri üçün ADSEA-Hövsan Aerasiya Stansiyasına texniki gəzinti təşkil olundu!
Gəzinti stansiyanın iş prinsiplərinin xəritə üzərində ümumi izahı ilə başladı. İştirakçılara tullantı sularının təmizlənməsi prosesinin bütün mərhələləri — giriş nöqtəsi, mexaniki təmizləmə bölməsi, aerasiya hovuzları, çökdürücü sahələr və son axıdılma xətti — sxematik şəkildə nümayiş etdirildi. Xəritə üzərindəki bu vizual təqdimat tələbələrə stansiyanın ümumi fəaliyyət ardıcıllığını və proses axınını aydın şəkildə anlamağa imkan yaratdı.
Ardınca tələbələr Hövsan Aerasiya Stansiyasının daxilində proseslərin real iş prinsiplərini yaxından izlədilər. Aerasiya sistemlərinin fəaliyyəti, oksigenlə zənginləşdirmə prosesi, çökdürücü hovuzların rolu və texnoloji axın haqqında mütəxəssislər tərəfindən geniş izahlar təqdim olundu.
Gəzinti çərçivəsində iştirakçılara həmçinin tullantı sularında keyfiyyətə nəzarət prosedurları, laborator analizlərin rolu və ekoloji standartların tətbiqi barədə məlumat verildi. Stansiyanın laboratoriyası ilə tanışlıq zamanı su nümunələrinin hansı göstəricilərə görə analiz edildiyi və nəticələrin prosesin idarə olunmasına necə təsir etdiyi nümayiş etdirildi.
Tələbələr mütəxəssislərlə sual-cavab zamanı texnoloji proseslərlə bağlı maraqlandıran bütün suallara cavab alma imkanı əldə etdilər.
Stansiya rəhbərliyinə göstərdikləri dəstək və qonaqpərvərlik üçün təşəkkür edirik.
Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


January 03, 2026 - Paylaşdı: Admin