Müasir istehsalatda keyfiyyət
anlayışı artıq yalnız hazır məhsulun yoxlanılması ilə məhdudlaşmır. Keyfiyyətə
nəzarət müəssisənin istehsal prosesinin, məhsul təhlükəsizliyinin, müştəri məmnuniyyətinin
və ümumi iş səmərəliliyinin əsas göstəricilərindən birinə çevrilib.
İstehsal olunan məhsul texniki tələblərə
cavab vermirsə, bunun nəticəsi yalnız bir neçə qüsurlu məhsulun istehsalı ilə
bitmir. Belə vəziyyət müəssisəyə maliyyə itkisi, vaxt itkisi, xammal israfı,
müştəri narazılığı və ən əsası, müəssisənin nüfuzuna xələl gətirə bilər.
Bu baxımdan keyfiyyətə nəzarət
mütəxəssisinin işi sadəcə “məhsul yaxşıdır, yoxsa pisdir?” sualına cavab vermək
deyil. Əsas məsələ qüsurun yaranma səbəbini vaxtında müəyyənləşdirmək və onun təkrarlanmasının
qarşısını almaqdır.
Keyfiyyətə nəzarətdə gündəlik qarşılaşılan problemlər
İstehsalat mühitində çalışan
keyfiyyətə nəzarət mütəxəssisi hər gün müxtəlif problemlərlə qarşılaşa bilər.
Bunlardan ən geniş yayılanları texnoloji prosesdən kənaraçıxmalar, xammalın
keyfiyyətində uyğunsuzluqlar, ölçü və texniki göstəricilərin normadan
yayınması, ölçmə vasitələrinin düzgün istifadə edilməməsi və sənədləşmədə
yaranan çatışmazlıqlardır.
Bəzən isə problem texniki deyil,
təşkilati xarakter daşıyır.
Məsələn, istehsalat planının
gecikməməsi üçün müəyyən uyğunsuzluqların nəzərdən qaçırılması tələb oluna bilər.
Belə məqamda keyfiyyətə nəzarət mütəxəssisinin üzərinə ciddi məsuliyyət düşür.
Çünki istehsalın sürətli olması keyfiyyət tələblərinin arxa plana keçirilməsinə
səbəb olmamalıdır.
Keyfiyyətə nəzarət və istehsalat
arasında düzgün əməkdaşlıq məhz belə hallarda xüsusi əhəmiyyət daşıyır. KN mütəxəssisi
istehsalatın qarşısında dayanan maneə kimi deyil, prosesin düzgün qurulmasına
kömək edən tərəf kimi qəbul edilməlidir.
“Qüsuru tapmaq” kifayət deyil
Keyfiyyətə nəzarət sahəsində ən
vacib yanaşmalardan biri qüsurun yalnız aşkar edilməsi ilə kifayətlənməməkdir.
Tutaq ki, hazır məhsulun müəyyən
hissəsində texniki uyğunsuzluq aşkarlanıb. Bu zaman əsas sual yalnız “nə qədər
məhsul qüsurludur?” olmamalıdır.
Əsas suallar bunlardır:
Qüsur nə üçün yaranıb?
Problemin mənbəyi xammaldır, avadanlıqdır, texnoloji rejimdir, yoxsa insan
amili?
Bu hal daha əvvəl baş veribmi?
Eyni problemin digər məhsullarda yaranma ehtimalı varmı?
Problemin təkrarlanmaması üçün hansı tədbir görülməlidir?
Məhz bu yanaşma keyfiyyətə nəzarəti
sadə yoxlama funksiyasından çıxararaq prosesin təkmilləşdirilməsi mexanizminə
çevirir.
İnsan amili və keyfiyyət
İstehsalatda ən müasir
avadanlıqlar və texnologiyalar tətbiq olunsa belə, insan amili həmişə mühüm rol
oynayır.
Operatorun təlimatın tələblərinə
əməl etməməsi, ölçmə vasitəsindən düzgün istifadə etməməsi, texnoloji göstəricilərin
vaxtında qeydə alınmaması və ya prosesə laqeyd yanaşılması keyfiyyət problemlərinə
səbəb ola bilər.
Lakin burada yalnız işçini
günahlandırmaq düzgün yanaşma deyil.
Bəzən insan səhvinin arxasında
düzgün təlimatın olmaması, kifayət qədər təlim keçirilməməsi, iş yükünün
çoxluğu və ya prosesin düzgün təşkil edilməməsi dayanır.
Ona görə də keyfiyyət probleminə
yanaşarkən “kim günahkardır?” sualından əvvəl “problem nə üçün baş verdi?”
sualının verilməsi daha effektivdir.
Ölçmə vasitələri – keyfiyyət nəzarətinin əsas dayaqlarından biri
Keyfiyyətə nəzarətdə ölçmənin dəqiqliyi
xüsusi əhəmiyyət daşıyır. Çünki yanlış ölçmə nəticəsi düzgün məhsulun uyğunsuz,
uyğunsuz məhsulun isə uyğun hesab edilməsinə səbəb ola bilər.
Bu səbəbdən ölçmə vasitələrinin
saz vəziyyətdə saxlanılması, onların müəyyən edilmiş qaydada yoxlanılması və
kalibrlənməsi, həmçinin ölçmənin düzgün metodika əsasında aparılması vacibdir.
KN mütəxəssisi yalnız nəticəyə
baxmamalı, həmin nəticənin necə əldə edildiyinə də diqqət yetirməlidir.
Sənədləşmə sadəcə formal tələb deyil
Keyfiyyət sistemində sənədləşmə
bəzən işçilər tərəfindən əlavə bürokratik yük kimi qəbul edilir. Əslində isə
düzgün aparılmış sənədləşmə istehsalat prosesinin “yaddaşıdır”.
Hansı xammal istifadə olunub, məhsul
hansı şəraitdə istehsal edilib, hansı ölçmələr aparılıb, hansı uyğunsuzluqlar
qeydə alınıb və həmin uyğunsuzluqlarla bağlı hansı tədbirlər görülüb – bütün
bunlar gələcəkdə problemin səbəbini müəyyənləşdirmək üçün mühüm informasiya mənbəyidir.
Bu səbəbdən sənədləşmə yalnız
yoxlama zamanı təqdim ediləcək kağızlar toplusu deyil, keyfiyyətin idarə edilməsinin
vacib elementidir.
Keyfiyyətə nəzarət və istehsalat arasında balans
Bəzən istehsalat əməkdaşları
keyfiyyətə nəzarət mütəxəssisini məhsulun buraxılmasını gecikdirən şəxs kimi
görə bilər. Digər tərəfdən, KN mütəxəssisi də istehsalatın real şərtlərini nəzərə
almadan yalnız prosedur və standartlara istinad etdikdə müəyyən
anlaşılmazlıqlar yarana bilər.
Əslində isə hər iki tərəfin məqsədi
eyni olmalıdır: tələblərə cavab verən keyfiyyətli məhsul istehsal etmək.
Bunun üçün qarşılıqlı
kommunikasiya, məsuliyyət bölgüsü və problemlərin birlikdə həlli vacibdir.
Keyfiyyət mütəxəssisinin mövqeyi
yalnız “uyğundur” və ya “uyğun deyil” deməklə məhdudlaşmamalıdır. O, mümkün qədər
problemin həlli istiqamətində də konstruktiv yanaşma ortaya qoymalıdır.
Keyfiyyətə nəzarətdə problemlərlə necə mübarizə aparmaq olar?
İstehsalat müəssisələrində
keyfiyyət problemlərinin azaldılması üçün bir neçə əsas istiqamətə diqqət
yetirmək mümkündür:
Birincisi – problemin kök səbəbini
müəyyənləşdirmək. Eyni qüsur hər dəfə aradan qaldırılır, lakin səbəb müəyyən
edilmirsə, problem yenidən ortaya çıxacaq.
İkincisi – qabaqlayıcı yanaşmanı
gücləndirmək. Keyfiyyətə nəzarət yalnız hazır məhsula tətbiq edilməməli, mümkün
risklər istehsaldan əvvəl və istehsal prosesinin müxtəlif mərhələlərində müəyyənləşdirilməlidir.
Üçüncüsü – əməkdaşların maarifləndirilməsi.
İşçi keyfiyyət tələbinin nə olduğunu və ona niyə əməl edilməli olduğunu başa
düşdükdə səhvlərin sayı azalır.
Dördüncüsü – ölçmə və nəzarət
vasitələrinin etibarlılığını təmin etmək. Dəqiq olmayan ölçmə nəticəsi düzgün qərarın
qəbul edilməsinə mane ola bilər.
Beşincisi – keyfiyyət mədəniyyətini
formalaşdırmaq. Keyfiyyət yalnız KN şöbəsinin və ya bir neçə mütəxəssisin məsuliyyəti
kimi qəbul edilməməlidir. Müəssisədə çalışan hər bir əməkdaş keyfiyyət
prosesinin iştirakçısıdır.
Keyfiyyətə nəzarətin gələcəyi
Texnologiyanın inkişafı keyfiyyətə
nəzarət sahəsinə də ciddi təsir göstərir. Avtomatlaşdırılmış ölçmə sistemləri,
rəqəmsal məlumatların toplanması, istehsal proseslərinin monitorinqi və məlumatların
analizi gələcəkdə insan faktorundan yaranan səhvlərin müəyyən hissəsini
azaltmağa imkan verəcək.
Lakin texnologiya nə qədər
inkişaf etsə də, peşəkar keyfiyyət mütəxəssisinə ehtiyac aradan qalxmayacaq.
Çünki əldə edilən məlumatı düzgün qiymətləndirmək, riskləri müəyyənləşdirmək və
qərar qəbul etmək üçün peşəkar düşüncə tələb olunur.
Nəticə
Keyfiyyətə nəzarət yalnız
istehsal olunmuş məhsulun yoxlanılması deyil. Bu sahə məsuliyyət, diqqət,
obyektivlik və analitik düşüncə tələb edən mühüm peşə istiqamətidir.
Yüksək keyfiyyətli məhsul təsadüfən
yaranmır. Onun arxasında düzgün qurulmuş proses, peşəkar əməkdaşlar, effektiv nəzarət
mexanizmləri və keyfiyyətə ciddi münasibət dayanır.
Əsl keyfiyyətə nəzarət mütəxəssisi
yalnız qüsuru aşkar edən deyil, həmin qüsurun niyə yarandığını araşdıran,
problemin təkrarlanmasının qarşısını almağa çalışan və müəssisədə keyfiyyət mədəniyyətinin
formalaşmasına töhfə verən mütəxəssisdir.
Bu səbəbdən keyfiyyətə nəzarət
istehsalatın sonunda aparılan son yoxlama deyil, keyfiyyətli məhsula gedən
yolun bütün mərhələlərində iştirak edən davamlı bir prosesdir.
Şəmistan Haxverdiyev Sərdar oğlu